E-xidmətlər

Avropa İttifaqı ölkərinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi ilə bağlı məlumat

 (İstifadəçi təlimatı)

1. Sifarişçi ərizə ilə Dövlət Xidmətinə müraciət edir.

Muraciət forması:    

Fiziki şəxslər üçün:  document_microsoft_word_01 Ərizə           Hüquqi şəxslər üçün: document_microsoft_word_01 Ərizə

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

- sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti;

- mənşə sertifikatının surəti;

- uyğunluq sertifikatının surəti1;

- gigiyenik sertifikatının surəti2;

- bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatın surəti;

- heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

- sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti;

- ixrac ediləcək məhsula dair qaimə-faktura (invoys);

- müəssisəyə məhsulların ixracı üçün təsdiqedici kod nömrəsinin verilməsini təsdiq edən şəhadətnamənin surəti;

- dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

2. Ərizə və ona əlavə edilmiş sənədlər qəbul edilir və baxılır.

3. Sənədlərdə çatışmazlıqlar və uyğunsuzluq halları aşkar edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər xüsusi kitabda qeydiyyata alınır.

4. Ərizə və ona əlavə edilmiş sənədlərin surəti ixrac üçün nəzərdə tutulmuş məhsul partiyasının keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə ekspertizaların keçirilməsi məqsədilə 1 (bir) iş günündən gec olmayaraq İstehlak Mallarının Ekspertizası Bürosuna təqdim olunur.

5. Büro tərəfindən sənədlər qəbul edilir və xüsusi kitabda qeydiyyata alınır.

6. Məhsul partiyasından nümunə götürülür və onun keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün laboratoriyaya təqdim olunur.

7. Məhsul partiyasından götürülmüş nümunənin ekspertizasının keçirilməsi üzrə xidmətlərə görə Büro ilə sifarişçi arasında müqavilə bağlanılır və sifarişçiyə ödəniş tapşırığı yazılır.

8. Sifarişçi ekspertiza xidmətlərinə görə ödənişi həyata keçirir və müvafiq bank sənədini Büroya təqdim edir.

9. Məhsul partiyasından götürülmüş nümunənin ekspertizası keçirilir (ekspertizanın müddəti müayinə olunan keyfiyyət və təhlükəsizlik göstəricilərindən asılı olaraq dəyişir) və nəticələri əsasında iki nüsxədə sınaq protokolu tərtib olunur. Sınaq protokolunun bir nüsxəsi tərtib olunduğu gün ərzində Dövlət Xidmətinə təqdim olunur.

10. Ekspertizanın nəticələri əsasında nümunənin keyfiyyət və təhlükəsizlik göstəriciləri müvafiq normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi təqdirdə, Dövlət Xidməti tərəfindən 1 (bir) gün ərzində keyfiyyət sertifikatı tərtib olunur, səlahiyyətli şəxsin imzası və Dövlət Xidmətinin möhürü ilə təsdiq edilir və sifarişçiyə verilir.

11. Ekspertizanın nəticələrinə görə məhsul partiyasına dair nümunənin keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı təqdirdə, bu barədə sifarişçiyə Dövlət Xidməti tərəfindən keyfiyyət sertifikatının verilməməsinin səbəbləri göstərilməklə yazılı şəkildə məlumat verilir.

12. Məhsul partiyasına keyfiyyət sertifikatı vermək mümkün olmadıqda, sertifikatının verilməsinə görə ödənilmiş dövlət rüsumu sifarişçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada geri qaytarılır.

13. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə sifarişçiyə ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) iş günündən gec olmayaraq məlumat verilir.

14. Sifarişçi tərəfindən sənədlər təkrar təqdim edildikdən sonra 3-10-cu bəndlərdə göstərilmiş prosedura uyğun tədbirlər həyata keçirilir və nəticələri əsasında sifarişçiyə keyfiyyət sertifikatının verilməsi (və ya verilməsindən imtina) barədə qərar qəbul edilir.

Qeyd: Regionlarda fəaliyyət göstərən təsərrüfat subyektləri keyfiyyət sertifikatı almaq üçün bu günədək birbaşa Dövlət Xidmətinə müraciət etmiş (müvafiq sertifikat almaq üçün müraciət sayı az olmuşdur), məhsulun ekspertizası Büro tərəfindən həyata keçirilmiş və nəticələri əsasında Dövlət Xidməti tərəfindən müvafiq sertifikatın verilməsi təmin edilmişdir.

Qeyd olunan xidmətlə bağlı gələcəkdə regionlarda fəaliyyət göstərən təsərrüfat subyektləri Dövlət Xidmətinin regional bölmələrinə müraciət etdiyi təqdirdə, məhsul partiyasından nümunənin götürülməsi Büronun regional bölmələri tərəfindən həyata keçirilərək ekspertiza üçün Büroya təqdim olunacaq (regional bölmələrin laboratoriyalarında məhsullardan götürülmüş nümunələrin Avropa İttifaqının tələblərinə uyğun qaydada laborator müayinələrini aparmaq üçün mövcud imkanlar məhdud olduğundan), Büro tərəfindən məhsulun ekspertizası həyata keçiriləcək və Dövlət Xidməti tərəfindən prosedura uyğun sertifikatın verilməsi təmin ediləcəkdir.

 

 

1,2 Keyfiyyət sertifikatının verilməsi qaydalarına təklif olunan dəyişikliklərlə bağlı layihədə uyğunluq və gigiyenik sertifikatlarının keyfiyyət sertifikatını almaq üçün tələb olunan sənədlərin siyahısından çıxarılması təklif olunmuşdur.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version